Hepatit C

    11.02.2017

    Hepatit C eyni adlı (Hepatit C virusu) virusu ilə yoluxma nəticəsində inkişaf edən xəstəlikdir. Xəstəlik uzun müddət ərzində qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Virus 1989-cu ildə kəşf edilmişdir. O vaxta qədər, xəstəliyin əlamətləri həm hepatit A həm hepatit B yə bənzədiyindən, bu xəstəlik non A- non B hepatiti (nə A nə B hepatiti) adı ilə tanınırdı.
    Hepatit C qanla yayılan infeksion xəstəlikdir. Virus qaraciyər hüceyrələrini yoluxdurur və qaraciyər zədələnməsini hepatitini əmələ gətirir. Əksər hallarda xəstəliyin simptomları müşahidə olunmur, və ya çox az müşahidə olunur, ancaq xroniki hepatitin inkişafını laborator analizlərlə izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qara ciyərin liflərinin dağılması qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir peyvənd yoxdur. Lakin infeksiyanın simptomları tibbi baxımdan idarə edilir və antivirus dərmanlardan uzun müddət, düzgün istifadə bu virusu orqanizmdən tam təmizləyə bilir. Müalicə erkən dövrlərdə başlanarsa daha effektli olur. HCV infeksiyası ilə yoluxmuş adamlar uzun müddət xəstə olduqlarını hiss etmirlər. Adətən bu xəstəlik yalnız gecikmiş dövrlərdə özünü biruzə verir. Buna görə də onu mehriban qatil adlandırırlar. Vital klinikada bütün CHECK-UP müayinə proqramlarına mütləq olaraq hepatit C nin qanda təyini daxil edilib. Bu profilaktik müayinələr zamani hepatit C erkən dövrlərdə aşkarlana bilir. Ehtimal olunur ki, dünyada 150-200 milyon adam C Hepatiti ilə yoluxmuşdur.
    Əlamətləri
    - Virusa yoluxmuş insanların əksəriyyətində ilkin zamanlar heç bir əlamət olmur. Xəstəliyin ilkin əlamətləri yoluxmadan 7-8 həftə sonra meydana çıxa bilər. Belə hallar az-az rast gəlinir. Yadda saxlayın ki, Hepatit C virusu heç bir əlamət verməsə belə sizin qaraciyərinizi tədricən zədələyir.
    - Yoluxmadan uzun bir müddətdən (hətta 10 illərdən) sonra xəstəliyin ilkin əlamətləri aşağıdakılar ola bilər:
    - Ümümi zəiflik, yuxuculluq və iştahasızlıq
    - Ürəkbulanma və qusma
    - Əzələ və oynaq ağrıları
    - Qaraciyər nahiyyəsində gərginlik
    - Qaraciyərin daha dərin zədələnmələri zamanı digər şikayətlər də meydana çıxır:
    - Davamlı və ya arabir dərinin və gözlərin saralması
    - Dəridə qaşınma
    - Hərarətin yüksəlməsi
    Səbəbləri
    - 1992-ci ilə qədər qan köçürülən insanlarda hepatit daha geniş yayılıb. Çünki bu ilə qədər köçürülən qanın Hepatit C-yə qarşı skrininqi mövcud deyildi.
    - Təssüf ki, bu gün də qan köçürmə zamanı Hepatit C visusu ilə yoluxma halları mövcuddur. Odur ki, qan köçürmə hallarında qanın Hepatit C-yə qarşı təkrarı müayinəsinə nail olmağı tövsiyyə edirik
    - Xəstə insanın istifadə etdiyi şprislə iynənin vurulması virus yoluxmasının əsas yollarından biridir
    - Narkotikə alüdə olmuş insanlardan birinin digərinin şprisindən istifadə etməsi HCV ilə yoluxma təhlükəsi yaradır
    - Çirkli iynə ilə tatuaj edən insanların az da olsa yoluxma ehtimalı var
    - Yenidoğulmuşların bəziləri doğuş zamanı Hepatit C virusunun gəzdiricisi olan anadan yoluxa bilər
    - Az az hallarda Hepatit C cinci əlaqə zamanı ötürülə bilər
    Risk Faktorları
    Qan köçürmələri zamanı effektiv qan skrininqinin həyata keçirilməsi HCV ilə yoluxma hallarını azaltsa da müəyyən risk yenə də qalmaqdadır. Bundan əlavə, Sizin aşağıdakı hallarda HCV ilə yolxma riskiniz var:
    - Əgər dərman və ya narkotikləri işlənmiş şprislə vena daxili inyeksiya edirsinizsə
    - Əgər sizə HCV-yə görə dəqiq yoxlanmamış qan köçürülübsə
    - Qanla ehtiyatsız davranan tibb işçisisinizsə
    - Tez-tez qan və ya laxtalanma faktorlarının köçürülməsi tələb olunan xəstəlliyiniz varsa (məsələn, hemofiliya)
    - Əgər sizə xəstə insanın orqanını köçürüblərsə
    - Böyrək çatışmazlığına görə hemodializ alırsınızsa
    - Çirkli iynələrlə tatuaj etdirmisinizsə
    - Azacıqda olsa digərlərinin diş fırçalarından, ülgücündən istifadə edirsinizsə
    - HCV daşıcısı olan ananın övladısınızsa
    - Cinci partnyorunuz HCV daşıyıcısıdırsa
    Ağırlaşmalar
    - Xroniki hepatit
    - Qaraciyər sirrozu
    - Qaraciyər çatışmazlığı
    - Hepatosellülar Karsinoma
    - Limfomalar
    - Böyrək xəstəlikləri
    Həkimə nə zaman müraciət etməli
    - Yuxarıda sadalanan risk faktorlarından biri belə mövcuddursa HCV-yə görə yoxlanmaq üçün həkimə və ya etibar etdiyiniz laboratoriyaya müraciət edin
    - Əgər keçmişdə sizə qan köçürülmüşdürsə mütləq qanınızı HCV-yə görə yoxladın
    - Əgər sizdə yuxarıda qeyd olunan əlamətlərdən biri və ya bir neçəsi varsa qastroenteroloq və ya hepatoloqa müraciət edin
    Müayinələr
    - Sizə ilk növbədə qanın seroloji analizı təklif ediləcək. Bu müayinə zamanı sizin qanınızda HCV virusunun anticisimlərinin olub-olmaması yoxlanılır (Anti-HCV antibody). Amma yadda saxlayın ki, anticisimlərin tapılması heçdə həmişə virusun olmasına dəlalət etmir. Bir çox hallarda virusun yox olmasına baxmayaraq qanda HCV-yə qarşı anticisimlər tapıla bilir. Odur ki, əgər cavab pozitiv alınıbsa mütləq onun digər daha dəqiq üsul olan PCR vasitəsilə (HCV RNT, Keyfiyyət) təsdiqlənməsi vacibdir.
    - Həkimiz müalicə taktikasını müəyyən etmək üçün qanda virusun miqdarını təyin etmək istəyəcək. Qanda virusun miqdarı Real Time PCR deyilən metodla təyiin edilir və virus RNT-sinin (HCV RNT, Kəmiyyət) sayılmasına əsaslanır.
    - Həkiminiz müalicə taktıkasını dəqiqləşdirmək məqsədilə virusun genotipləşdirilməsini (HCV, Genotip Təyini) də istəyə bilər. HCV-nin altı genotipi vardır və aparılan müalicənin effektivliyi bu genotiplərdən çox aslıdır. 1 və 4-cü genotiplər adətən 12 ay, digərləri isə 6 ay müalicə tələb edirlər.
    - Həkiminiz mikroskopik müayinə üçün Qaraciyər Biopsiyasını təklif edə bilər. Bu üsulla xüsusi iynə vasitəsilə qaraciyər toxumasından bir tikə götürülür. Biopsiya qaraciyərin zədələnmə səviyyəsini müəyyən etməyə imkan verir. Bununla yanaşı, biopsiyanın nəticələrinə görə qaraciyərin digər mənşəli (məsələn, alkoqol, dərman və ya autoimmun mənşəli) hepatitlərini inkar etmək olur.
    - Həkiminiz aşağıdakı qan müayinələrini təklif edə bilər:
    - Qanın ümümi analizi
    - Qanın biokimyəvi analizi: ALT, AST, QQT, Bilirubin,
    - Yanaşı gedən patologiyalar olarsa digər göstəricilər də istənə bilər
    - Qarın boşluğunun Ultrasəs Müayinəsi qaraciyərin vəziyyəti haqqında ilkin məlumatları almaqda dəyərli ola bilər
    - Yanaşı gedən patologiyalar olarsa və ya müqayisəli diaqnostikaya ehtiyac yaranarsa digər müayinələr aparıla bilər.
    Müalicə
    HCV virusunun tapılması müalicəyə ehtiyacın olması demək deyil. Aşağıdakı hallarda mütləq müalicəni başlamaq lazımdır:
    - Qan müayinəsində HCV virusu tapılmışdır və qaraciyər biopsiyası qaraciyərdə ciddi zədələnməni təsdiq edir
    - Qaraciyərin funksional vəziyyətinin müayinəsi qaraciyər enzimlərinin (ALT, AST, QQT), xüsusilə də ALT-nin yüksəlməsini təsdiq edirsə. http://vital.az/engine/skins/bbcodes/images/close.gif
    Heç bir şikayəti olmayan və normal göstəricilərə malik HCV daşıyıcıları müalicə qərarını öz həkimləri ilə müzakirə edərək verməlidir. Çünki HCV daşıyıcılarının heç də hər birində qaraciyərin zədələnməsi baş vermir. HCV əleyhinə müalicə nə qədər effektiv olsa da onun əlavə təsirləri də vardır. Bunu nəzərə alaraq, öz həkiminizlə müalicənin aparılıb-aparılmamasını, eləcə də HCV-yə nəzarət yollarını müzakirə edin.
    HCV-yə qarşı müalicənin standart qaydası həkimin təyinatı üzrə həftəlik interferon-alfanın inyeksiyası və gündəlik ribavirin adlanan tabletin qəbuludur. Bu müalicənin məqsədi sizin qanınızı HCV virusundan təmizləməkdir. Yuxarıda qeyd edildiyi kimi, 1 və 4-cü genotip 12 ay, digərləri isə 6 ay müalicə tələb edir. Həkiminiz müalicənin effektivliyindən aslı olaraq müalicə müddətini artıra bilər. Müalicənin ikinci hədəfi isə qaraciyərdə gedən degenerativ prosesin qarşısının alınmasıdır.
    Aparılan müalicənin effektiv olmaması və qaraciyərin dərin zədələnmələri hallarında qaraciyərin transplantasiyası gündəmə gəlir. Profilaktika
    Hepatit A və B əleyhinə peyvəndlər olsa da Hepatit C üçün peyvənd mövcud deyil. Alimlər əmindirlər ki, virusun artımının qarşısını alacaq və ya onu tamamilə məhv edə biləcək dərman maddələri yaratmaq mümkündür. Amma ən yaxşısı bu virusa yoluxmamaqdır. Bunun üçün yuxarıda qeyd olunan risk faktorlarından çəkinməniz yetər.